“Qayıtmayan igidim, zəfərimin İlqarı” kitabı “Kəpəz” PFK-da təqdim olunub
“Kəpəz” PFK-da çıxış etmiş, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış futbolçumuz İlqar Burcəliyevin əziz xatirəsinə həsr olunan “Qayıtmayan igidim, zəfərimin İlqarı” kitabının təqdimat mərasimi keçirilib.
“Kəpəz” PFK-nın Məşq Mərkəzi və Akademiyasında təşkil olunan tədbirdə klubun İdarə Heyətinin üzvü Fərman Əlizadə, İnfrastruktur rəhbəri Ruslan Məmmədov, komandanın baş məşqçisi Azər Bağırov, kitabın müəllifi Anar Ərtoğrul Burcəliyev, şəhidin ailə üzvləri, Patriot News.az saytının rəhbəri, Qarabağ qaziləri İctimai Birliyinin Gəncə filialının sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Ceyhun Əliyev, eləcə də digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin və dünyasını dəyişmiş veteran futbolçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən “Kəpəz” PFK-nın İnfrastruktur rəhbəri Ruslan Məmmədov, kitabın müəllifi, şəhid futbolçumuz İlqar Burcəliyevin əmisi Anar Ərtoğrul Burcəliyev ilə kitabın ərsəyə gəlməsi və nəşri prosesi ilə bağlı aparılan müzakirələrdən danışıb.
Daha sonra şəhid futbolçumuz İlqar Burcəliyevin həyat və döyüş yoluna həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə kitabın müəllifi Anar Ərtoğrul Burcəliyev, yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədli, Patriot News.az saytının rəhbəri Ceyhun Əliyev, Cavad Xan İctimai Birliyinin prezidenti Müzadil Həsənov, Azərbaycanın Xalq artisti Şahnaz Haşımova, Akademiyanın və şəhid İlqar Burcəliyevin məşqçisi Mətləb Məmmədov çıxış edərək şəhidin xatirəsindən, onun qəhrəmanlıq yolundan və gənclər üçün örnək olan həyatından danışıblar.
“Kəpəz” PFK-nın İdarə Heyətinin üzvü Fərman Əlizadə çıxışında bildirib ki, Vətən uğrunda canından keçmiş qəhrəman şəhid futbolçumuz İlqar Vüqar oğlu Burcəliyevin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.